İcbari tibbi sığorta fondunda nöqsanlar aşkarlandı

16:01 - 30.07.2025


30 iyul, Fineko/abc.az. Hesablama Palatası İcbari tibbi sığorta fondunun 2023-2024-cü illərdəki gəlir və xərclərinin icrasının, eləcə də sərbəst vəsaitinin idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyan kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.

ABC.AZ Palataya istinadən xəbər verir ki, audit obyektləri kimi Fondun vəsaitlərini idarə edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, eləcə də, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin təchizatı və təmiri və s. istiqamətdə tədbirləri həyata keçirən İnnovasiya və Təchizat Mərkəzi müəyyən edilib.

İlk olaraq hesabatlılığın təmin edilməsi ilə bağlı diqqətə çatdıraq ki, dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisə təqdim olunmuş hesabatlarda Fondun gəlir və xərclərinin 2023-cü il üçün 2 milyon 236,9 min manat və 1 milyon 804,3 min manat, 2024-cü il üçün isə 2 milyon 467,2 min manat və 2 milyon 214,7 min manat təşkil etdiyi göstərilib.

Təqdim olunmuş illik hesabatların auditi Agentlik tərəfindən hesabatlılığın düzgün təşkil edilməməsi nəticəsində Fondun gəlir və xərc göstəricilərinin, bununla da icmal büdcənin müvafiq parametrlərinin təhrifini müəyyən edib. Təhriflər gəlirlərin icrası ilə bağlı göstəricilərin tam nəzərə alınmaması, əvvəlki illərə dair bəzi istiqamətlər üzrə xərclərin və öhdəliklərin hesabatda doğru tanınmaması səbəbindən yaranıb.

Auditlə əhatə olunan illər üzrə Fondun büdcəsi haqqında müvafiq hüquqi aktlarda nəzərdə tutulmayan istiqamətlərdən vəsait daxil olmuş, eləcə də, xərclər üzrə isə həmin hüquqi aktlarda nəzərdə tutulmayan istiqamətlərə vəsait yönəldilib. Eyni zamanda, bəzi istiqamətlərdə təsdiq olunmuş məbləğdən çox vəsaitin icrasına da yol verilib.

2023-2024-cü illərdə Fondun büdcələri ilə bağlı müvafiq hüquqi aktlarda əvvəlki illərdə istifadə olunmamış vəsaitlərin müvafiq ilin xərclərinə yönəldilməsi nəzərdə tutulsa da, icra edilməyib. Əvvəlki illərdə formalaşmış gəlirin artıq dövlət gəlirləri kimi uçota düşməsi fonunda bu məbləğin bir hissəsinin yenidən gəlir olaraq büdcədə əks olunması dövlət gəlirlərinin həmin məbləğ qədər təkrar uçotuna şərait yaradıb.