İnvestorlar əsasən texnologiya nəhənglərinin səhmlərinə üstünlük verir

15:40 - 7.07.2025


7 iyul, Fineko/abc.az. Yaxın aylarda "ABB İnvest" vasitəsilə ABŞ-da ticarət olunan istiqrazlarla da əməliyyat aparmaq mümkün olacaq. 

ABC.AZ xəbər verir ki, bunu "ABB İnvest"in icraçı direktoru Nadir Babazadə şirkətin fəaliyyətinə dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu ilin sonundan etibarən Amerikada ticarət olunan istiqrazlarla da ticarət əlçatan olacaq.

Şirkətin xarici bazarlardakı aktivliyinə toxunan icraçı direktor qeyd edib ki, pərakəndə müştərilərimizin mobil tətbiq üzərindən apardığı investisiya fəaliyyəti nəticəsində ümumi portfel həcmi 50 milyon dolların üzərindədir. "Xarici bazarda ticarət edən müştəri sayımız isə 50 mindən artıqdır. Bu, ABB mobil tətbiqi vasitəsilə xarici bazarlarda ticarət aparmaq üçün hesab açan müştərilərimizin sayıdır. İnvestorlar əsasən beynəlxalq texnologiya nəhənglərinin səhmlərinə üstünlük verirlər. “"Amazon", "Google", "Tesla", "Nvidia" kimi şirkətlərin səhmlərinə daha çox investisiya edilir. Bu, müştərilərimizin texnoloji sektora olan marağını da göstərir" - deyə, N.Babazadə qeyd edib.

Müəllif: Elmir Murad