Ödəniş kartlarının sayı 562 min ədəd artıb - Hesabat

12:09 - 25.06.2025


25 iyun, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı hesabat ilinin əvvəlinə nəzərən 562 min ədəd və ya 2.8% artaraq 20 milyon 461 min ədəd təşkil etmişdir. Əvvəlki ay ilə müqayisədə isə ödəniş kartlarının sayı 214 min ədəd azalıb.

ABC.AZ xəbər verir ki, ödəniş kartlarında debet kartlarının sayı 4% artıb, kredit kartlarının sayı isə 6.2% azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 29% artıb.

2025-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,074 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 7,053 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,016 mln. manatı POS-terminallar, 3.2 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil edib.