Kərkük-Ceyhan boru kəməri yenidən işə salına bilər

15:56 - 26.02.2025


26 fevral, Fineko/abc.az. ABŞ Dövlət katibi Marko Rubio və İraqın Baş naziri Məhəmməd əl-Sudani İraq və Türkiyə arasında neft kəmərinin yenidən işə salınmasının zəruriliyini müzakirə ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət departamentinin bəyanatında deyilir.

“Tərəflər Bağdadın enerji müstəqilliyinə nail olunmasının, Kərkük-Ceyhan boru kəmərinin tezliklə yenidən işə salınmasının və İraqda fəaliyyət göstərən Amerika şirkətlərinin müqavilə şərtlərinə əməl edilməsinin vacibliyinə dair razılığa gəliblər”, – deyə bəyanatda bildirilir.

Bir müddət öncə Bağdad İraq Kürdüstanında çıxarılan neftin Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə ixracını bərpa etməyə hazır olduğunu bəyan edib.