Daha bir ölkə Ələt iqtisadi zonasından istifadə etmək istəyir

12:03 - 6.01.2023


6 yanvar, Fineko/abc.az. Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayev “Ələt” azad iqtisadi zonasının (AİZ) və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

ABC.AZ xəbər verir ki, danışıqlar zamanı limanın və AİZ-in resurslarından və imkanlarından birgə istifadəyə əsaslanan investisiya, nəqliyyat və logistika əməkdaşlığının qurulması perspektivləri müzakirə olunub.

O cümlədən, AİZ-in rədbəri Valeh Ələsgərovla Zonanın ərazisində tələbat olan qida, dəri və ayaqqabı, tekstil və digər yüksək əlavə dəyərli məhsulların istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi və Avropa İttifaqı, MDB və digər ölkələrə ixracın təşkil olunması məsələləri danışılıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bazasında Özbəkistan anbarlarının və konteyner terminallarının açılması perspektivləri və iki ölkənin əraziləri vasitəsilə yüklərin, o cümlədən zəruri malların qarşılıqlı daşınması məsələlərinin müzakirəsi üçün Beynəlxalq Avtomobil Daşımaları üzrə Birgə Komissiyanın iclasının keçirilməsi vurğulanıb.