10:29 - 3.06.2022
3 iyun, Fineko/abc.az. Azərbaycanın Avropaya qaz ixracını artırmaq potensialı var.
ABC.AZ xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan Bakı Enerji Forumundakı çıxışında bildirib.
Hazırda Azərbaycanın tədarük edə biləcəyi kifayət qədər qaz potensialının olduğunu söyləyən SOCAR-ın birinci vitse-prezidenti qeyd edib ki, hazırkı mərhələdə Cənub Qaz Dəhlizi vasitəsilə nəzərdə tutulan həcmdən əlavə qazın nəqli mümkün deyil:
“Əlavə qaz həcmlərinin daşınması üçün dəhlizin ötürücülük qabiliyyətinin artırılması vacibdir. Bu səbəbdən qarşımızda duran əsas məsələlərdən biri Cənub Qaz Dəhlizinin nəqletmə gücünün artırılmasıdır. Bunun üçün avropalı tərəfdaşlarımızın, alıcılarımızın və beynəlxalq maliyyə qurumlarının dəstəyi önəmlidir. Biz tərəfdaşlarımızla danışıqlar prosesini davam etdiririk. Onu da vurğulamalıyam ki, bu prosesə dərhal başlamaq üçün hazırda əlverişli fürsət mövcuddur”.
18 Avqust 2026