İran Mərkəzi Bankının rəhbəri: ABŞ blokadası səbəbindən neft ixracımız sıfıra düşüb

11:37 - 20.08.2026


20 avqust, Fineko/abc.az. İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti İran dövlət televiziyasına müsahibəsində ABŞ-ın dəniz blokadasının ölkə və region iqtisadiyyatına mənfi təsirlərini açıqlayıb.

O bildirib ki, blokada səbəbindən İranın neft ixracı tamamilə dayanıb: "Bölgə ölkələri ilə danışanda onlar da ixracın sıfıra düşdüyünü deyirlər. Nəticədə eyni vəziyyət bizim üçün də keçərlidir, hazırda heç neft ixrac etmirik. Həqiqət budur, lakin biz bunu əvvəlcədən proqnozlaşdırmışdıq".

Hemməti hökumətin və Mərkəzi Bankın bu ssenariyə öncədən hazırlaşdığını vurğulayıb. O, İranın digər Körfəz ölkələrindən fərqini izah edərək qeyd edib ki, Qətər və digər qonşular xaricdəki maliyyə rezervlərindən istifadə edə bilsələr də, ABŞ-ın sanksiyaları və bloklamaları səbəbindən İran öz xarici aktivlərinə çıxış əldə edə bilmir.