Gürcüstan Azərbaycandan yanacaq alışını 2 dəfədən çox artırıb — Rusiya bazar itirir

14:31 - 20.08.2026


20 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan yanacaq idxalını kəskin artıraraq 88 milyon dollar dəyərində 90,1 min ton neft məhsulları alıb.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1% (2,3 dəfə) artım deməkdir.

Hesabat dövründə Gürcüstanın ümumi neft məhsulları idxalı 32,7% artaraq 967 milyon dollara (1,05 milyon ton) çatıb. İdxal olunan yanacağın 1 tonunun orta qiyməti 751 dollardan 917 dollara yüksəlib. Qonşu ölkə ən çox yanacağı Rusiyadan (292 milyon dollar, 10,7% azalma) alsa da, şimal qonşusunun bazar payı zəifləyib. Türkiyə 135 milyon dollarlıq (+153,9%), Rumıniya isə 131 milyon dollarlıq idxalla növbəti yerləri bölüşüb.