Kristin Laqarddan Avropa şirkətlərinə xəbərdarlıq: İkinci rəqəmsal inqilabı qaçıra bilmərik

21:54 - 19.08.2026


19 avqust, Fineko/abc.az. Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard Avropanın keçmiş texnoloji keçid dövrlərində böyük imkanları əldən verdiyini bildirib.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafından əldə olunan kommersiya mənfəətinin əsasən digər regionlara nəsib olduğunu vurğulayan Laqard, qitənin ilk rəqəmsal inqilabdan kənarda qaldığını diqqətə çatdırıb. Süni intellektin təqdim etdiyi imkanları "ikinci rəqəmsal inqilab" adlandıran AMB rəhbəri Avropanın eyni səhvi təkrar etmək lüksünün olmadığını bəyan edib.

Buna baxmayaraq, regiondakı mövcud meyllərin ümidverici olduğunu bildirən Laqard, Avrozonadakı şirkətlərin bu il ümumi investisiyalarının təxminən 9%-ni süni intellekt sahəsinə yönəldəcəklərini proqnozlaşdırıb.

O, qlobal rəqabətdə mövqeləri qoruyub saxlamaq üçün Avropa biznesinin texnoloji yatırımları sürətləndirməsinin, özəl və dövlət sektorunun bu transformasiyaya liderlik etməsinin vacibliyini vurğulayıb.