17:34 - 17.08.2026
17 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanunvericiliyə edilən dəyişikliklərlə Azərbaycanda dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahələri ilə dəyişdirilməsinin hüquqi mexanizmi formalaşdırılıb.
Lakin özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmə müqavilələrinin predmeti ola bilməz.
Dəyişdirilən əmlakların dəyəri bazar qiyməti nəzərə alınmaqla müstəqil qiymətləndirici tərəfindən müəyyən ediləcək. Həmçinin dövlət orqanları və bələdiyyələrə qiymətləndirmə üzrə sifarişçi statusu verilib. Yaxın vaxtlarda dövlət əmlakının və torpaq sahələrinin dəyişdirilməsinin dəqiq qaydası təsdiq olunacaq.
Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə və mülki dövriyyədə dövlətlə vətəndaşlar arasında bərabərhüquqlu əmlak mübadiləsinə xidmət edəcək.
17 Avqust 2026
15 Avqust 2026