İlham Əliyev və Nikol Paşinyan arasında telefon danışığı olub

12:43 - 8.08.2026


8 avqust, Fineko/abc.az. Prezidentin Mətbuat Xidmətinin məlumatına əsasən, avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar. Həmsöhbətlər sülh prosesində Prezident Donald Trampın və ABŞ Hökumətinin mühüm rolunu xüsusi vurğulayıblar.

Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı və tranzit yükdaşımaların bərpası sülhün konkret təzahürü kimi dəyərləndirilib. Həmçinin Vaşinqton razılaşmalarına uyğun olaraq TRIPP marşrutunun icrası və regionda davamlı sabitliyin, bağlantıların təmin edilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.