İran sazişdə ABŞ və İsrail gəmilərinə qadağa qoyulmasını tələb edir

11:12 - 7.08.2026


7 avqust, Fineko/abc.az. İran Umman ilə müzakirə edilən saziş layihəsi çərçivəsində ABŞ və İsrailə məxsus gəmilərin Hörmüz boğazından keçidinin qadağan olunmasını və “düşmən ölkələrdən” keçid icazəsi verilməzdən əvvəl təzminat tələb edilməsini hədəfləyir.

Tərəflərin şərtləri sərtləşdirməsi, qlobal enerji ticarətinin ən kritik marşrutlarından biri olan boğazın yenidən açılmasına yönəlmiş danışıqlarda yeni bir fikir ayrılığı yaradıb.

ABŞ tərəfi isə Hörmüz boğazında müharibədən əvvəlki sərbəst keçid rejiminə qayıdılmasını müdafiə edərək hər hansı rüsum və ya icazə şərtlərini rədd edir. ABŞ Prezidenti Donald Tramp isə danışıqların gedişatı ilə bağlı suallara “Yaxşı irəliləyir” cavabını verib.

İran Parlamentinin baxışına təqdim edilən layihədə ABŞ və İsrail gəmilərinə qadağa qoyulması ilə yanaşı, sığorta və ətraf mühit xidmətlərini əhatə edən yeni ödəniş sisteminin tətbiqi də yer alır. Digər tərəfdən, yarımrəsmi Fars xəbər agentliyinə istinadən İran dəniz qüvvələrinin boğazın girişində “düşmən hədəflərini” vurduğu iddia edilsə də, əlavə təfərrüat açıqlanmayıb.