11:41 - 17.06.2026
17 iyun, Fineko/abc.az. Hazırda Azərbaycan banklarının iqtisadiyyata yönəldilə biləcəyi təxminən 20 milyard manat sərbəst, risklə ölçülmüş aktivləri var.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.
Onun sözlərinə görə, AMB iqtisadi sabitliyin sonuncu təminatçısı kimi çıxış edə bilər: "İqtisadi inkişafa verə biləcəyimiz ən böyük töhfə isə maliyyə sisteminə olan etimadı gücləndirməkdir. Bəs etimad niyə bu qədər vacibdir? İstər Avstriya məktəbi, istər Keynsçi yanaşma, istərsə də monetarizm və inkişaf iqtisadiyyatı olsun, bütün iqtisadi nəzəriyyələrin mərkəzində kapital dayanır. Müzakirə olunan əsas məsələ kapitalın necə bölüşdürülməsi və necə səmərəli istifadə edilməsidir. Hazırda ölkədə üç əsas maliyyə resursu mənbəyi mövcuddur: fiskal resurslar, yerli özəl sektorun resursları və beynəlxalq maliyyə resursları.
AMB maliyyə sisteminin dayanıqlılığına inam yaratdıqda, özəl sektorun resursları da daha fəal şəkildə iqtisadiyyata yönəlir. Mövcud göstəricilər bunu təsdiqləyir. Bank sektorunda problemli kreditlərin payı 3 %-dən aşağıdır. Likvidlik səviyyəsi müəyyən edilmiş tələbləri iki dəfədən çox üstələyir. Kapital adekvatlığı göstəricisi isə təxminən 18 %-dir ki, bu da normativ tələbdən təxminən 50 % yüksəkdir. Bu göstəricilər maliyyə sektorunun vasitəçilik funksiyasını effektiv şəkildə yerinə yetirməyə qadir olduğunu göstərir. Son üç ildə kreditlərin artım tempi iqtisadi artımı üstələyib. Bu isə maliyyə sektorunun iqtisadi inkişafın maliyyələşdirilməsinə hazır olduğunu nümayiş etdirir".
©Report
19 İyun 2026
17 İyun 2026