Türkiyə Kərkük-Ceyhan sazişini mövcud şərtlərlə yeniləmək istəmir – Ankara tələblərini açıqladı

20:30 - 16.06.2026


16 iyun, Fineko/abc.az. Bu il iyulun 27-də müddəti başa çatacaq İraq-Türkiyə neft kəməri sazişinin uzadılması ilə bağlı rəsmi Ankara Bağdad qarşısında sərt şərtlər qoyub. Türkiyə boru kəmərinin tam gücü ilə işləməsini və uzunmüddətli öhdəliklərin götürülməsini tələb edir.

ABC.AZ "Bloomberg"ə istinadən xəbər verir ki, prosesdən birbaşa məlumatlı olan yüksək rütbəli türk rəsmisi beynəlxalq arbitraja qədər uzanan mübahisələri xatırladaraq, sazişin mövcud variantda davam etdirilməsinin qeyri-mümkün olduğunu bildirib. İraq Neft Nazirliyi danışıqlar bitənə qədər sazişin ən azı 1 il uzadılmasını istəsə də, Ankara buna isti baxmır və razılıq əldə olunmasa, Türkiyə kəmərlə nəqli tam dayandıra bilər.

Ankaranın əsas tələbləri və kəmərin cari vəziyyəti:

  • Uzunmüddətli öhdəlik və kompensasiya: Türkiyə sazişdə 5-10 illik uzunmüddətli öhdəliklər görmək istəyir. Gündəlik ötürmə gücü 1,5 milyon barel olan xəttin tam istifadəsi tələb olunur. Əgər İraq kəmərin gücündən tam istifadə etməsə, Türkiyəyə boş qalan gücə görə kompensasiya (istifadə haqqı) ödənilməlidir. Əks halda Ankara öz ərazisindən keçən hissədə üçüncü tərəflərin neftini daşımaq hüququ tələb edir.

  • İraqın ixrac planı: Hazırda İraqın bu xətt üzrə ixracı gündəlik 170-180 min barel təşkil edir. Bununla belə, rəsmi Bağdad Şimali Kürd Regional Rəhbərliyi və Kərkük sahələrindən Ceyhan limanına gedən ixracı 2,5 ay ərzində gündəlik 220 min bareldən 770 min barelə çatdırmaq planını təsdiqləyib.

  • Məhkəmə gərginliyi və fasilələr: Beynəlxalq Arbitraj Məhkəməsinin Türkiyəni Bağdadın icazəsi olmadan kürd neftini daşıdığı üçün 1,5 milyard dollar təzminata məhkum etməsi münasibətləri gərginləşdirmişdi. Kəmər 2023-cü il zəlzələlərindən sonra bağlanmış, təmir olunaraq 2025-ci ilin sentyabrında yenidən açılmışdı. İrandakı müharibə səbəbindən yaranan son fasilədən sonra isə xətt bu il martın 18-dən fəaliyyətini bərpa edib.