13:00 - 13.06.2026
13 iyun, Fineko/abc.az. Niderlandın ən böyük maliyyə qrupu olan "ING Bank" Azərbaycan iqtisadiyyatına dair növbəti qiymətləndirmə hesabatını dərc edib.
ABC.AZ hesabata istinadən xəbər verir ki, beynəlxalq maliyyə institutu 2026-cı ildə Azərbaycanın büdcə profisitinin ÜDM-in 5%-nə, cari əməliyyatlar hesabının profisitinin isə ÜDM-in 11%-nə çatacağını proqnozlaşdırır. Qeyd edək ki, bu göstərici üzrə beynəlxalq qurumlar arasında ən yüksək proqnoz məhz "ING Bank"a məxsusdur.
Bankın hesabatında ölkə iqtisadiyyatı üçün əsas faktorlar belə qruplaşdırılıb:
Əsas üstünlüklər: Azərbaycan yüksək enerji qiymətlərindən ən çox faydalanan ölkələrdən biri olaraq qalır. Daha yüksək enerji gəlirləri və enerji diplomatiyasının genişlənməsi ölkənin xarici və fiskal (büdcə) ehtiyatlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
Strateji addımlar: "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağına yeni beynəlxalq investisiyaların cəlb olunması imkanları nəzərdən keçirilir. Eyni zamanda, Türkiyə ilə "Abşeron" yatağından qaz tədarükünə dair 15 illik müqavilənin imzalanması və Bakı-Supsa marşrutunun Qazaxıstan üçün alternativ ixrac kanalı kimi dəyərləndirilməsi mühüm addımlar kimi qiymətləndirilir.
Risk faktorları: Ticarət tərəfdaşlarından inflyasiya təzyiqlərinin ölkəyə ötürülməsinə dair nisbətən yüksək həssaslıq və ÜDM artımının zəif tempi əsas risklər kimi qeyd olunur.