İran Parlamenti: Rusiya və Çinin Hürmüz boğazından keçidi üçün xüsusi şərait yaradılacaq

10:21 - 1.06.2026


1 iyun, Fineko/abc.az. Rusiya və Çin gəmilərinin Hürmüz boğazından keçidi üçün xüsusi və güzəştli şərtlər tətbiq olunacaq.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin (Parlament) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Ebrahim Əzizi bəyan edib. Komitə rəhbəri Moskva və Pekinin çətin dövrlərdə hər zaman Tehranın yanında olduqlarını və onu dəstəklədiklərini vurğulayıb:

"Bizim üçün strateji əhəmiyyət kəsb edən dövlətlər bundan sonra da Hürmüz boğazı ilə bağlı məsələlərdə xüsusi yanaşma və əlverişli şəraitdən yararlanacaqlar".

E.Əzizi əlavə edib ki, İran sözügedən boğazla bağlı istənilən qərarı qəbul etmək hüququna malikdir və heç kim bu hüququ şübhə altına ala bilməz.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Oman dövlətinə Hürmüz boğazından keçən gəmilərdən birgə rüsum yığılması ilə bağlı irəli sürdüyü təklifi kəskin tənqid edib. Tramp Omanı bu təkliflə razılaşacağı təqdirdə "məhv edəcəyi" ilə hədələyib və boğazın hamı üçün açıq olacağını bəyan edib.