AMB bu ilin II rübündə uçot dərəcəsini 6,5 % səviyyəsində saxlayacaq - İNG

12:27 - 19.03.2026


19 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin II rübündə uçot dərəcəsini 6,5 % səviyyəsində saxlayacaq.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Niderlandın ən böyük bank qrupu olan "ING Group"u yayıb.

Qrupun proqnozlarına görə, AMB III rübdə uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,25 %-ə endirə və onu 2027-ci ilin I rübünə qədər bu səviyyədə saxlaya bilər. 2027-ci ilin II rübündə dərəcənin daha 25 baza bəndi azaldılaraq 6 %-ə endirilməsi və ilin sonunadək bu səviyyədə saxlanılması mümkündür.

Xatırladaq ki, AMB-nin İdarə Heyəti fevralın 4-də keçirilən sonuncu iclasında uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

Ötən il tənzimləyici qurum uçot dərəcəsinə həsr olunmuş 8 iclas keçirib. Onlardan 6-da dərəcə dəyişməyib, 2 dəfə isə dərəcənin azaldılması (hər dəfə 25 baza bəndi) barədə qərar qəbul edilib.

AMB bu il də uçot dərəcəsinə həsr olunmuş 8 iclas keçirəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat aprelin 2-də ictimaiyyətə açıqlanacaq. ©Report