Dünyanın Mərkəzi Bankları qızıl alışını gözlənilmədən 20% azaldıb

17:05 - 29.01.2026


29 yanvar, Fineko/abc.az. Ötən il mərkəzi banklar qızıl alışını gözlənilmədən 20% azaldıb.

ABC.AZ xəbər verir ki, bu, investisiya tələbinin kəskin artması fonunda baş verib və külçə qızılın qiymətlərinin rekord yüksəlişində əsas rolu artıq fondlar və fərdi investorların oynadığını göstərir.

Dünya Qızıl Şurasının (World Gold Council, WGC) məlumatına görə, ötən il mərkəzi banklar və digər rəsmi qurumların (o cümlədən suveren fondlar və dövlət institutları) qızıl alışları 863,3 tona düşüb. Bu azalma yüksək qiymətlər və mövcud ehtiyatların dəyərinin artması səbəbindən rəsmi sektorun əlavə alışlara marağının zəifləməsi ilə izah olunur.

Eyni zamanda, qızıla investisiya tələbi əvvəlki illə müqayisədə 84% artaraq 2175 tona çatıb. Artım əsasən qızılla təmin edilmiş birja fondlarına (ETF) və fiziki qızıl külçələrinə yönələn vəsait axını ilə bağlıdır.

Ötən il qızılın qiyməti 60%-dən çox, cari ildə isə artıq 20%-dən çox artaraq bir unsiya üçün 5300 dolları keçib. Artım Qrenlandiya və İran ətrafında gərginlik, eləcə də dövlət borcunun artması ilə bağlı narahatlıqlar fonunda baş verib.