Azərbaycanın dövlət borcu açıqlanıb

16:11 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. Azərbaycanın 1 oktyabr 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 4 milyard 893,1 milyon ABŞ dolları olub.

ABC.AZ Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir ki, nu da 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil etmişdir. 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 236,6 milyon ABŞ dolları məbləğində azalmışdır.

1 oktyabr 2025-ci il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 85,3 faiz, avro – 6,3 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.

2025-ci ilin 1 oktyabr tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 81,5 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 16,6 dəfə üstələyir.