12:30 - 29.07.2025
29 iyul, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) Azərbaycan üçün 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təsdiq edib.
ABC.AZ xəbər verir ki, bu barədə bankdan bildirilib.
Strategiyada ölkənin inkişaf hədəflərinə çatmaq üçün dəyər yaradılması, inteqrasiya və dayanıqlılıq əsas prioritetlər kimi vurğulanır. Beşillik strategiya iki əsas istiqamətə fokuslanacaq - "yaşıl" və şaxələndirilmiş iqtisadiyyatın qurulması, aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi.
ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal bildirib ki, bank yeni strateji mərhələdə dayanıqlı iqtisadi artımın təmininə, özəl sektorun aparıcı rol oynadığı inkişaf modelinə keçidə, maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığın dərinləşdirilməsinə önəm verir.
“ADB uyğunlaşdırılmış strateji investisiyalar və birgə səylər vasitəsilə Azərbaycanın inkişaf prioritetlərinə çatmasına, regional təşəbbüslərin irəlilədilməsinə və ölkə vətəndaşları üçün firavan gələcəyin qurulmasına dəstək verməyi hədəfləyir”, - deyə o qeyd edib.