Asiya İnkişaf Bankı Azərbaycana 1 milyard dollar verir?

16:11 - 1.07.2025


1 iyul, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) Azərbaycana “Bakı Metropoliteni” QSC-nin inkişafı üçün 1 milyard ABŞ dollarına qədər kredit verməyə hazırdır.

ABC.AZ xəbər verir ki, bu barədə ADB-dən məlumat verilib. Layihənin məqsədi gələcəyin “ağıllı” və dayanıqlı şəhər nəqliyyatının yaradılmasıdır.

Bankdan bildirilib ki, kredit ümumi dəyəri 2 milyard ABŞ dolları olan daha geniş investisiya proqramı çərçivəsində nəzərdə tutulur. Enerji səmərəliliyinin artırılması və “təmiz enerji” texnologiyalarının tətbiqi yolu ilə Bakı Metropoliteninin modernləşdirilməsinə yönəlmiş texniki yardım da təklif olunur.

“Texniki yardım enerji istehlakını və istismar xərclərini azaltmaq məqsədilə infrastrukturun modernləşdirilməsi imkanlarının qiymətləndirilməsini nəzərdə tutur. Eyni zamanda, günəş enerjisi və Batareya Enerji Saxlanc Sistemi (BESS) kimi bərpa olunan enerji həllərinin inteqrasiyası planlaşdırılır. Texniki yardım çərçivəsində həmçinin profilaktik xidmət və təkmilləşdirilmiş analitik məlumat emalı da daxil olmaqla, əməliyyatları optimallaşdırmaq üçün müvafiq tətbiqlərin və ağıllı enerji idarəetmə sistemlərinin tətbiq edilməsini araşdırmaq təklif olunur”, – bankdan vurğulanıb.