Ələt Limanında konteyner aşırmaları 20% artıb – Yükaşırma gücü 25 milyon tona çatdırılacaq

16:37 - 10.08.2026


10 avqust, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, Orta Dəhlizin keçiricilik qabiliyyətini artırmaq məqsədilə Ələt Limanının konteyner aşırma gücü 100 min TEU-dan 150 min TEU-ya çatdırılıb, 7-ci körpü və yeni nəsil kran istifadəyə verilib.

Davam edən genişləndirmə layihəsi başa çatdıqdan sonra limanın illik yükaşırma gücünün 25 milyon tona, konteyner gücünün isə 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.

İnfrastrukturun yenilənməsi nəticəsində 2026-cı ilin yanvar-iyul aylarında Ələt Limanında konteyner aşırmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20% artaraq 72,370 TEU-ya, quru yük aşırmaları isə 82% artaraq 1,4 milyon tona çatıb. Bundan başqa, Ələtdə tikilməkdə olan yeni yük aeroportu dəniz, dəmir yolu və avtomobil nəqliyyatını bir araya gətirərək multimodal logistika qovşağı formalaşdıracaq.