Neft Fondunun vəsaitlərinin idarə olunmasından 15 milyard dollar gəlir götürülüb

16:23 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlir 15 milyard ABŞ dollarını keçib.

ABC.AZ ARDNF-ə istinadən xəbər verir ki, bunu Fondun İcraçı direktoru İsrafil Məmmədov qurumun 25 illik yubileyinə həsr olunmuş İllik Yığıncaqda bildirib.

İ.Məmmədov ARDNF-nin ötən 25 ildə keçdiyi inkişaf yolundan, əldə olunmuş mühüm uğurlardan və gələcək planlardan bəhs edərək bildirib ki, 1999-cu ildə əsası qoyulmuş Fondunı aktivləri 60 milyard ABŞ dollarını keçərək ölkə iqtisadiyyatının təxminən 80 %-inə bərabər olub:

“Bu rəqəmlər Fondun uğurlu fəaliyyət modelinə, strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan risk idarəetmə mexanizminə söykənən investisiya siyasətinə dəlalət edir. Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir”.