15:05 - 14.10.2024
14 oktyabr, Fineko/abc.az. Müstəqil tədqiqat şirkəti olan Rystad Energy-nin proqnozlarına görə, tezliklə Azərbaycanda qaz istehsalı neft hasilatını üstələyəcək. Bu, bir neçə böyük layihənin həyata keçirilməsi sayəsində mümkün olacaqdır.
ABC.AZ xəbər verir ki, şirkətin analitiklərinin sözlərinə görə, ölkənin qaz sənayesinin inkişafı sürətlə gedir və onilliyin sonuna qədər qaz hasilatının 2020-ci illə müqayisədə 51% - ildə 40 milyard kubmetrə qədər artması gözlənilir.
"Qaz sənayesinə əhəmiyyətli təkan 2018-ci ildə "Şahdəniz" layihəsinin ikinci mərhələsinin başlanmasından sonra verilib ki, bu da əmtəə qazının hasilatını 2017-ci ildən bəri 83% artıraraq ötən il demək olar ki, 36 milyard kubmetrə çatdırıb. Yalnız "Şahdəniz" ümumi qaz hasilatının təxminən 72%-ni təmin etdi", - məlumatda deyilir.
Müvafiq olaraq, Norveç şirkətinin analitiklərinin fikrincə, qazın ixrac tədarükü də - 2018-ci ildə 9,6 milyard kubmetrdən keçən il təxminən 24 milyard kubmetrə qədər artıb.
"Bu tədarüklərin təxminən yarısı Avropaya, qalan hissəsi isə Türkiyə və Gürcüstana yönəldilib. 2022-ci ilin ikinci yarısında Azərbaycan Avropaya ixracın həcminin 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılması ilə bağlı niyyət memorandumu imzalayıb, "Şahdəniz" isə əsas rol oynayacaq. Bu əlavə həcmləri Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırmaq üçün Azərbaycan Transadriatik boru kəmərinin (TAP) tutumunun 20 milyard kubmetrə qədər iki dəfə artırılması, Transanadolu boru kəmərinin (TANAP) tutumunun 16 milyard kubmetrdən 31 milyard kubmetrə qədər artırılması, həmçinin Cənubi Qafqaz Boru Kəmərinin gücünün 24 milyard kubmetrdən 31 milyard kubmetrə qədər genişləndirilməsi imkanlarını nəzərdən keçirir",- deyə şirkətdən bildirilib.
Bu boru kəmərlərinin genişləndirilməsi xeyli investisiya tələb edir.
"Azərbaycanın qaz ixracını artırmaq ambisiyaları Avropalı alıcılarla uzunmüddətli öhdəliklər və kommersiya müqavilələri tələb edəcək. Bu layihələrin həyata keçirilməsi iqtisadi şərtlər, Avropaya qaz tədarükünün alternativ mənbələri və marşrutları və mümkün geosiyasi hadisələr də daxil olmaqla bir sıra amillərdən asılı olacaq", - deyə şirkətdən bildirilib.
14 Avqust 2026