Qazaxıstan yanvar ayında Aktau limanı vasitəsilə neft ixracını 287 min tona çatdırıb

11:46 - 9.02.2024


9 fevral, Fineko/abc.az. Qazaxıstanın "Kaztransoyl" magistral neft kəməri üzrə milli operatoru yanvar ayında Aktau limanı vasitəsilə ixrac üçün neft tədarükünü 287 min tona çatdırıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 76 min ton çoxdur.

"2024-cü ilin yanvar ayında Qazaxıstan neftinin Aktau limanından ixrac məqsədi ilə nəqlinin həcmi 287 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 76 min ton çoxdur. Xüsusilə, Aktau limanından Bakı Limanı istiqamətində neft nəqlinin həcmi 60 min ton artaraq 116 min ton təşkil edib", - məlumatda belə deyilir.

Mahaçqala limanına doğru Aktau limanından 171 min ton Qazaxıstan nefti göndərilib ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə təxminən 17 min ton çoxdur.

2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi üzrə neft nəqlinin həcmini artırmağı tapşırıb. Bu tapşırığa uyğun olaraq Qazaxıstanın "Kazmunayqaz" Milli Şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti SOCAR Tengiz yatağından ildə 1,5 milyon ton neftin Bakı - Tbilisi – Ceyhan neft kəməri istiqamətində nəqlini nəzərdə tutan saziş imzalayıb.