Azərbaycanda taksi sürücüləri üçün təlimlər başladı

12:23 - 29.08.2023


29 avqust, Fineko/abc.az. Azərbaycanda taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə  təlimlərin keçirilməsinə başlanılıb.

ABC.AZ-ın məlumatına görə, yeni qaydalara əsasən, sürücülərin xüsusi təlimlərdən keçmədən fəaliyyət göstərmələri yolverilməzdir.

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.