Anadolu: Zəngəzur dəhlizi Naxçıvanı Avrasiyanın strateji qovşağına çevirə bilər

09:00 - 18.08.2026


18 avqust, Fineko/abc.az. "Anadolu" agentliyinin qiymətləndirməsinə əsasən, Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasını Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında mühüm nəqliyyat və iqtisadi qovşağa çevirmək potensialına malikdir.

Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistan vasitəsilə quru əlaqəsini təmin edəcək bu marşrut TRIPP (Sülh və Rifah üçün Beynəlxalq Marşrut) layihəsi çərçivəsində reallaşdırılır. Layihə daxilində Ermənistanda təxminən 42 km-lik yeni dəmir yolu xəttinin çəkilməsi, Naxçıvanda isə ümumi uzunluğu 194 km olan sahələrin modernləşdirilməsi və tikintisi nəzərdə tutulur. Azərbaycan bu addımla Naxçıvan dəmir yolunun yükötürmə qabiliyyətini 1,5 milyon tondan 15 milyon tona qaldırmağı hədəfləyir.

Türkiyə üçün Orta Dəhlizin strateji halqası hesab olunan layihə çərçivəsində tikilən Qars-Iğdır-Aralıq-Dilucu xətti Naxçıvanı birbaşa Türkiyə dəmir yolu şəbəkəsinə bağlayacaq.

Perspektivdə Zəngəzur dəhlizinin yalnız nəqliyyat deyil, həm də energetika və rəqəmsal kommunikasiya xətlərini birləşdirərək Cənubi Qafqazda iqtisadi sabitliyə və inteqrasiyaya töhfə verəcəyi gözlənilir.