Norveçin nəhəng şirkəti Azərbaycan layihəsindəki payını satmağa hazırlaşır

14:31 - 22.08.2023


22 avqust, Fineko/abc.az. Norveçin “Equinor” neft şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsində 7,27 % payının satışını araşdırır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Alıcıların bu aktivlərə marağını qiymətləndirmək üçün hazırda Norveç şirkəti "Jefferies Financial Group Inc"i. ilə iş aparır.

Bildirilib ki, maraqlı tərəflər arasında ABŞ-ın “ExxonMobil” şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın “Inpex” şirkəti var. Mövcud razılaşmanın şərtlərinə görə, “Equnior” öz payının satışı ilə bağlı ilk olaraq SOCAR-a müraciət etməlidir.

"Equinor" bu aktivlər üçün təklifləri yaxın həftələrdə təqdim olunmasını gözləyir və bu sövdələşmə təxminən 1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Qeyd edək ki, "Equinor" Xəzər dənizində digər kəşfiyyat sahələrində, eləcə də Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərində 8,71 % paya da malikdir.