“ƏDV geri al”la 412 milyon manat qaytarılıb

15:56 - 14.04.2023


14 aprel, Fineko/abc.az. Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il aprelin 1-dək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 412 milyon manatdan çox vəsait geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görı, təkcə 2023-cü ilin yanvar-mart ayında 36 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Məlum olduğu kimi, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 17,5%-i, nağd qaydada olduqda isə 5%-i istehlakçılara geri qayıdır.

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 87 mindən çoxdur.

Bu ilin 3 ayı ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 4,9 milyard manatdan artıq olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6% çoxdur.