Hindistandan Azərbaycana kimya məhsullarının ixracının artırılması üçün geniş imkanlar var

17:18 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Hindistanın Bakıdakı Səfirliyi, Chemexcil (Əsas Kimyəvi maddələr, Kosmetika və Boya maddələrinin İxracının Təşviqi Şurası)  ilə birgə Azərbaycan və Hindistan şirkətlərinin nümayəndələrinin iştirakı ilə hibrid rejimdə “Hindistan-Azərbaycan: boyalar, piqmentlər, qeyri-üzvi kimyəvi maddələr və aqrokimyəvi məhsullar sahəsində ticarət imkanlarının araşdırılması” mövzusunda tədbir təşkil edib.

ABC.AZ xəbər verir ki, tədbirdə çıxış edən Hindistanın Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Vinay Kumar Hindistanın kimya sənayesinin 80 mindən çox kommersiya məhsulunu əhatə etməklə çoxşahəli olduğunu bildirib.

O, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi və Hindistandan Azərbaycana kimya məhsullarının ixracının artırılması üçün geniş imkanların olduğunu vurğulayıb. O, həmçinin iştirakçıların nəzərinə çatdırıb ki, müxtəlif sektorlar üzrə fəaliyyət göstən Hindistan şirkətləri haqqında daha ətraflı məlumatı www.indianbusinessportal.in  portalında əldə etmək olar.

Qeyd edək ki, Azərbaycanın statistik məlumatlarına əsasən, 2022-ci ildə Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 154,6% artaraq 1,882 milyard ABŞ dolları təşkil edib. Bu müddət ərzində, Hindistan Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşına çevrilib.