11:28 - 13.02.2023
13 fevral, Fineko/abc.az. Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiyməti 2015-ci ildən başlayaraq Tarif Şurası tərəfindən tənzimlənsə də bu, ötən müddətdə qiymətlərin yüksək olması ilə bağlı şikayətlərin azalmasına səbəb olmayıb. Əksinə, son dövrlər narazılıqlar bir az da artıb. Hərçənd ki, qiymətlərin tənzimlənməsi əksər dərman vasitələrinin bir neçə dəfə ucuzlaşmasına səbəb olmuşdu.
Heç kəsə sirr deyil ki, Azərbaycanda əksər həkimlərin gəlir mənbələrindən biri də əczaçılıq şirkətləridir. Xəstələrin müalicəsi üçün yazılan vasitələrin müqabilində şirkətlər həkimlərə ödəniş edirlər.
ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, aptek sahəsində çalışanlardan əldə edilən məlumata görə, həkim reseptlərində əvvəllər dərman vasitələri, xüsusilə də antibiotiklər üstünlük təşkil edirdisə, hazırda bioloji fəallığa malik qida əlavələri daha çoxdur. Məsələ burasındadır ki, dərman qiymətlərinin tənzimlənməsi şirkətlərin bu vasitələrin xəstələrə təyin edilməsinə görə əvvəlki səviyyədə ödəniş etmələrinə imkan vermir. Bu baxımdan xəstəliklərin müalicəsində bir çox hallarda dərmanları bioloji fəallığa malik qida əlavələri “əvəz etməli” (bu ifadəni dırnaqda yazmağımızın səbəbi yazının sonrakı hissəsində məlum olacaq) olub.
Dərman vasitələrindən fərqli olaraq ölkəyə idxal prosesi xeyli sadə olan (bu məhsullar dövlət qeydiyyatına alınmır) bioloji fəallığa malik qida əlavələrinin qiymətləri tənzimlənmir, sərbəst olaraq müəyyən edilir. Sahibkar qiyməti sərbəst şəkildə müəyyən etdiyindən məhsulun xəstələrə təyin edilməsi üçün ödədiyi məbləği məhsulun maya dəyərinə əlavə edə bilir.
Araşdırmamız nəticəsində məlum olur ki, son illərdə belə məhsulların ölkədə geniş yayılması şirkətlər arasında rəqabət yaratdığından bu da marketinq xərclərini (əsasən həkimlərə edilən ödənişlər) artırır. Şübhəsiz ki, maya dəyərinin artması qiymətin yüksəlməsini qaçılmaz edir. Təsadüfi deyil ki, bir neçə il əvvəl Dövlət Gömrük Komitəsinin ilin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında bioloji fəallığa malik qida əlavələrinin gömrük dəyəri ilə apteklərdəki satış qiyməti arasında 6 dəfəyə qədər fərq olduğu bildirilmişdi. Bu da həkim reseptlərində özünü büruzə verir. Eyni zamanda, qiymətin tənzimlənməməsi apteklər arasında da fərqin olmasına şərait yaradır.
18 Avqust 2026