Azərbaycan 10 ədəd FLIRT tipli sərnişin qatarı alır

14:55 - 16.01.2023


16 yanvar, Fineko/abc.az. "2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub. Belə ki, il ərzində 5 milyon 136 min sərnişin daşınıb. Bu, 2021-ci illə müqayisədə 84% çoxdur. Bu göstəricinin böyük bir hissəsi (5 milyon 8 min) Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir".

Bu barədə ABC.AZ-a “Azərbaycan Dəmir Yolları’’ QSC-dən məlumat daxil olub.

Məlumatda bildirilir ki, ötən il Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əlavə qatarlar xəttə buraxılıb.

Qurumdan həmçinin deyilib ki, il ərzində hərəkət tərkibinin yenilənməsi və ya əsaslı təmir olunması istiqamətində də böyük həcmli işlər görülüb, belə ki, 10 ədəd FLIRT tipli sərnişin qatarlarının alınması üzrə imzalanmış müqaviləyə əsasən qatarların 2023-2024-cü illərdə Bakıya çatdırılması planlaşdırılıb:

"Yeni qatarlar Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcəkdir".