Bakı Avtovağzalı ilə daşıyıcılar arasında - Müqavilələrin Müddəti Artırılıb

10:58 - 16.01.2023


16 yanvar, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin şəhərlərarası və rayonlararası istiqamətlər üzrə sərnişin daşıyan daşıyıcılarla müqavilələrinin müddəti artırılıb.

Bu barədə ABC.AZ-a Kompleksdən bildirilib.

Məlumata görə, artıq avtovağzalla daşıyıcının arasında qarşılıqlı münasibətlərin qurulmasına dair müqavilə sənədi artıq 1 aylıq deyil, 3 ay müddətinə imzalanır. Məqsəd sərnişindaşımada xidmət keyfiyyətinin artırılması, daşıyıcıların rentabelliyinin təmin olunması, şəffaflığın yaradılması, sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasıdır.

Nazirlər Kabinetinin 5 fevral 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə və “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” qaydalarına əsasən şəhər və rayonlararası sərnişindaşıma üçün avtovağzalla daşıyıcı arasında müqavilə bağlanılır.