Bakının bu yolunda hərəkət məhdudlaşdırılacaq

11:31 - 29.12.2022


29 dekabr, Fineko/abc.az. Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yolötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, dekabr ayının 30-dan 31-nə keçən gecədən etibarən 2023-cü il yanvar ayının 4-ü axşam saatlarınadək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.