Çində 4 milyondan çox avtomobil geri çağırılır — Əsas pay "Tesla"nın öhdəsinə düşür

17:28 - 21.08.2026


21 avqust, Fineko/abc.az. Çinin Dövlət Bazara Nəzarət İdarəsinin keçirdiyi təftişlər çərçivəsində "Tesla" və "Xiaomi" də daxil olmaqla 11 avtomobil istehsalçısı 4 milyondan çox nəqliyyat vasitəsini geri çağırmağa və proqram təminatını yeniləməyə başlayıb.

Geri çağırılan avtomobillərin ən böyük hissəsi — 2,98 milyon ədədi "Tesla"nın ("Model 3", "Model Y", "Model S" və "Model X") payına düşür. Təhlükəsizlik tədbirləri əsasən qəza zamanı elektrikli qapı tutacaqlarının sıradan çıxması və təcili çıxış kollarının tapılmasının çətin olması riski ilə bağlıdır.

İstehsalçılar avtomobillərdə təcili qapıaçma düymələrinin yerini göstərən xəbərdarlıq etiketləri quraşdıracaq və proqram təminatını uzaqdan (OTA) yeniləyəcəklər. "Tesla" tərəfindən tətbiq ediləcək yeni proqram təminatı qəza anında şüşələrin avtomatik enməsini təmin edəcək. Geriçağırma prosesinə "Xiaomi", "Leapmotor", "Xpeng", "Zeekr" və "Lynk & Co" kimi markalar da qoşulub.