“Good Life” əmtəə nişanlı şaftalı şirəsində nöqsanlar aşkarlandı

17:18 - 13.12.2021


13 dekabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Aşıq Pəri 303A ünvanında  fəaliyyət göstərən fiziki şəxs İbrahimov Əlif Lətif oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsinə baxış keçirilib.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Belə ki, müəssisədə istehsal olunan “Good Life” əmtəə nişanlı şaftalı şirəsi tərkibli meyvə içkisinin etiket məlumatlarında  istehsalda şaftalı püresinin istifadə olunduğu göstərilsə də, faktiki istehsal prosesində alma püresi və şaftalı aromatizatorundan istifadə edildiyi müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq  müvafiq tədbirlər görülüb.