Azərbaycanda əczaçılıq məhsullarına çəkilən xərclər kəskin artıb — 1,1 milyard manata yaxınlaşdı

14:48 - 13.08.2026


13 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkələrində əhaliyə 1 milyard 79,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar reallaşdırılıb.

Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, bu istiqamətdə satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 23,8% yüksəlib. Həmçinin hesabat dövründə alıcıların pərakəndə ticarətdə xərclədiyi ümumi vəsaitin 2,8%-i məhz tibb və əczaçılıq mallarının payına düşüb.

Bütövlükdə isə, ilk 7 ayda ölkənin pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8% artaraq 38 milyard 358,5 milyon manat təşkil edib. Bu məbləğin 20 milyard 843,9 milyon manatı ərzaq, içki və tütün məmulatlarının (1,4% artım), 17 milyard 514,6 milyon manatı isə qeyri-ərzaq mallarının (6,6% artım) payına düşüb.