15:21 - 10.12.2021
10 dekabr, Fineko/abc.az. Rusiyanın "Lukoil" şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" layihəsində Malayziyanın "Petronas" şirkətindən bu ilin oktyabrında imzalanan payın alınmasına dair sazişə düzəlişlərin imzalandığını elan edib.
Şirkətin yaydığı məlumata istinadən xəbər verilir ki, yeni sazişlərə uyğun olaraq, "Lukoil"un "Şahdəniz"də payı 15,5%-dən 9,99%-ə, əməliyyat məbləği isə proporsional olaraq 2,25 mlrd. ABŞ dollarından 1,45 mlrd. dollara endirilib. Bu dəyişikliklərin imzalanması "Şahdəniz" layihəsi üzrə tərəfdaşlarla üstünlük hüquqlarının həyata keçirilməsinə dair danışıqların nəticəsi olub. Sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.
Xatırladaq ki, BP özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16% iştirak payını 168 mln. dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99% təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.
Bundan başqa, SOCAR da "Petronas"a məxsus olan 4,35%-lik iştirak payını alıb. Bununla da SOCAR-ın "Şahdəniz"də birbaşa iştirak payı 14,35%-ə yüksəlib.
© Apa