10:32 - 4.02.2020
4 fevral, Fineko/abc.az. “Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir”.
ABC.AZ xəbər verir ki, bunu fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, banklara çox böyük dəstək verilib, bütün əmanətlər sığortalanıb və bu proses uzadılıb. Banklara verlən dəstəkdən danışan İlham Əliyev onlara xəbərdarlıq da edib: “Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın”.
Müəllif: Elmir Murad