“Beynəlxalq Bank”-la bağlı yeni model hazırlanıb – Baş Bankir

15:15 - 25.10.2019


25 oktyabr, Fineko/abc.az. Xarici konsaltinq şirkətlərindən biri “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin yeni biznes-investisiya modelini hazırlayıb.

ABC.AZ xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Baş bankir bu halı çox yaxşı qiymətləndirdiyini bildirib və əlavə edib ki, bu gün Azərbaycanın maliyyə sektorunun 95%-i bank sektorundan ibarətdir. Maliyyə sahəsində ciddi dəyişiklik etmək üçün ilk növbədə banklarda müəyyən işlər görmək lazımdır deyən E.Rüstəmov qeyd edib ki, biz banklarda yaxşı risk menecmenti yaratmaq üçün uzun illərdir ki, çalışırıq: “Mən hər dəfə bank rəhbərləri ilə görüşdə həmin məsələ barədə azı 40 dəqiqə danışıram. Amma bəzən iri bankların rəhbərləri sonradan mənə deyir ki, təəssüf ki, biz sizə yaxşı qulaq asa bilməmişik. Əsas risklərdən biri də kreditlərlə bağlı riskləridir. Əvvəllər bir ifadə var idi - "tələbat". Hər şey bu ifadədə birləşirdi. Amma bank münecmenti ilə müzakirələr aparılmalıdır. Yəni girovla və yaxud kreditlərin qaytarılması ilə bağlı məsələlər ayrıca tələbat yaradır".

Müəllif: Elmir Murad