15:03 - 14.08.2026
14 avqust, Fineko/abc.az. Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) “İyun 2026 Neft Bazarı Sektor Hesabatı”na əsasən, ölkənin ümumi neft idxalı ötən ilin eyni ayı ilə müqayisədə 12,9% azalaraq 4 milyon 17 min 943 tona düşüb.
İdxalın ən böyük hissəsini təşkil edən xam neft alışı 9,1% azalarq 2 milyon 657 min 324 ton, dizel yanacağının idxalı isə 24,3% geriləyərək 913 min 254 ton təşkil edib. Qalan hissəni isə aviasiya, gəmiçilik yanacaqları və digər məhsullar təşkil edib.
Əsas tədarükçü ölkələr:
Rusiya: 1 milyon 519 min 116 ton (1-ci yer);
ABŞ: 570 min 676 ton (2-ci yer);
Qazaxıstan: 464 min 22 ton (3-cü yer).
Daxili bazarda satışlar və emal göstəriciləri:
Daxili satışlar: Benzin satışı 9,33% artaraq 574 min 792 ton, dizel satışı 9,69% artaraq 2 milyon 573 min 462 ton, ümumi neft məhsulları satışı isə 9,14% artaraq 3 milyon 289 min 578 tona çatıb.
Neft emalı məhsullarının istehsalı: Ümumi istehsal 1,52% azalaraq 3 milyon 405 min 560 ton olub. Aviasiya yanacağı istehsalı 6,74% azalsa da (583 min 385 ton), benzin istehsalı 20,04% (521 min 961 ton), dizel istehsalı isə 4,89% (1 milyon 472 min 566 ton) artıb.
İxracat: Neft bazarında ümumi ixrac 17,2% azalaraq 1 milyon 209 min 526 ton təşkil edib. Dənizçilik yanacağı ixracı 34,83% (120 min 693 ton), dizel ixracı 18,76% (236 min 336 ton) və benzin ixracı 52,55% (5 min 916 ton) azalıb. Yalnız aviasiya yanacağının ixracında 3,15% artım (594 min 749 ton) qeydə alınıb.