Amazon Texasda nəhəng elektrik stansiyası tikir – ABŞ-nin ən böyük çirkləndiricisinə çevrilə bilər

07:00 - 11.08.2026


11 avqust, Fineko/abc.az. "Amazon" şirkəti ABŞ-nin Texas ştatında planlaşdırdığı məlumat mərkəzi (data center) üçün 35 təbii qaz turbinindən ibarət xüsusi elektrik stansiyası inşa edir.

"The New York Times"ın məlumatına görə, 7,65 giqavatt gücündə olacaq bu stansiya il ərzində 33 milyon ton karbon qazı emissiyası icazəsinə malikdir ki, bu da obyekti ölkədəki ən böyük iqlim çirkləndiricisinə çevirə bilər.

Süni intellekt texnologiyalarının inkişafı səbəbindən şirkətin emmissiya həcmi ötmüş il 16% artıb. Bu göstərici 2040-cı ilə qədər sıfır karbon emissiyasına nail olmağı öhdəsinə götürən "Amazon"un bəyan etdiyi iqlim hədəfləri ilə ziddiyyət təşkil edir. Şirkətdən verilən açıqlamada süni intellekt yönümlü böyümənin iqlim hədəflərinə mənfi təsiri etiraf edilsə də, sıfır emissiya öhdəliyinə sadiq qaldıqları bildirilib.