SOCAR 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib

11:12 - 12.08.2026


12 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il üzrə Dayanıqlılıq Hesabatı işıq üzü görüb. Şirkətdən verilən məlumata görə, sənəddə SOCAR-ın Azərbaycanda və xaricdəki fəaliyyətinin ətraf mühit, sosial, idarəetmə (ESG) və iqtisadi göstəriciləri beynəlxalq standartlara uyğun, şəffaf şəkildə təqdim olunur.

Hesabat GRI Standartları (o cümlədən GRI 11: Neft və Qaz Sektoru), BMT Qlobal Sazişi, DİM, SASB və Avropa Dayanıqlılıq Hesabatlılığı Standartlarına (ESRS) uyğun hazırlanıb və “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən müstəqil auditdən keçib.

Hesabatın əsas göstəriciləri:

  • Karbon emissiyasının azaldılması: "Azneft" İB-də LDAR (sızmaların aşkarlanması və aradan qaldırılması) proqramı nəticəsində təxminən 1 milyon ton CO₂ ekvivalenti həcmində istixana qazı emissiyası azaldılıb.

  • Yaşıl maliyyələşmə: Bərpaolunan enerji layihələri üçün 200 milyon ABŞ dolları məbləğində "Yaşıl İstiqrazlar" buraxılıb.

  • ESG Rəqəmsallaşması: İlk dəfə İkiqat Əhəmiyyətlilik Qiymətləndirilməsi aparılıb və "ESG Data Platforması" istifadəyə verilib.

  • Sosial xərclər və insan kapitalı: Şirkət üzrə sosial xərclər 412 milyon manat təşkil edib, işçilər üçün 1 milyondan çox təlim saatı keçirilib (bağlılıq göstəricisi 84%, məmnunluq 78%).

  • Yerli satınalmalar: Azərbaycan üzrə yerli təchizatçılara yönəldilən satınalma xərclərinin payı 82%-dən 88%-ə yüksəlib.