bp "Şahdəniz Kompressiya" layihəsi üçün "Emerson" şirkəti ilə iri müqavilə imzaladı

15:38 - 10.08.2026


10 avqust, Fineko/abc.az. "bp" şirkətinin məlumatına görə, Şahdəniz konsorsiumu 2,9 milyard dollar dəyərindəki "Şahdəniz Kompressiya" (ŞDK) layihəsi çərçivəsində avtomatlaşdırılmış əməliyyat sistemlərinin təminatı üzrə "Emerson" şirkəti ilə iri müqavilə bağlayıb.

Müqavilə heyətsiz qurğu kimi nəzərdə tutulan ŞDK platformasının məsafədən idarə olunması üçün inteqrasiya olunmuş idarəetmə və təhlükəsizlik sistemlərinin təminatını nəzərdə tutur. bp vurğulayır ki, hazırda ümumi işlərin 30%-i tamamlanıb və layihəyə 2 700 nəfər cəlb olunub.

Suyun 85 metr dərinliyində quraşdırılacaq yeni platforma "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından hasil edilən qazın Səngəçal terminalına göndərilməzdən əvvəl kompressiyasını təmin edəcək. bp-nin hesablamalarına görə, layihə yataqdan əlavə 50 milyard kubmetr qaz və 25 milyon barelə yaxın kondensat hasil etməyə imkan yaradacaq. Tikinti işlərinin 2029-cu ildə yekunlaşması planlaşdırılır.