21:00 - 16.06.2026
16 iyun, Fineko/abc.az. ABŞ-ın aparıcı investisiya banklarından olan "Jefferies"ə görə, qlobal neft qiymətlərinin müharibədən əvvəlki səviyyələrə geriləməsi ehtimalı olduqca aşağıdır. Bank yaxın üç ay ərzində qiymətlərin 75 dolların altına düşməsini çətin hesab edir.
ABC.AZ xəbər verir ki, bankın iqtisadçısı Mohit Kumarın rəhbərliyi ilə hazırlanan hesabatda neft bazarı və ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətinə dair mühüm proqnozlar yer alıb. Analitiklər yaxın gələcəkdə qiymətlərin yüksək qalmasını logistika və geosiyasi qeyri-müəyyənliklərlə əlaqələndirirlər:
Hürmüz boğazı və loqistika problemi: İran və ABŞ arasında əldə olunmuş razılaşmanın dayanıqlılığı sual altındadır. Hürmüz boğazının yenidən tam açılması zaman aparacaq. Əgər İran boğazdan keçid üçün haqq tələb edərsə, gəmilərin minalandığı bildirilən Oman tərəfə yönəlməsi qaçılmaz olacaq ki, bu da təhlükəsiz keçidin təmin olunmasını həftələr, yaxud aylar rəsmən gecikdirə bilər.
Orta və uzunmüddətli proqnozlar: Növbəti 2-3 illik zaman kəsiyində isə neftin 60 dollar səviyyəsinə doğru kəskin ucuzlaşması gözlənilir. Buna səbəb OPEC daxili birliyin zəifləməsi fonunda BƏƏ-nin hasilatı artırmaq sərbəstliyi əldə etməsi və Venesuelanın hasilat gücünü bərpa etməsidir. Həmçinin regiondakı kövrək vəziyyət ölkələri alternativ enerji qaynaqları axtarmağa sövq edəcək ki, bu da neftə olan tələbatı azaldacaq.
FED və Kevin Uorş faktoru: FED-in yeni sədri Kevin Uorşun rəhbərliyi ilə keçiriləcək ilk iclasın qərarı çərşənbə günü açıqlanacaq. Ekspertlər müharibənin təsirləri səbəbindən yeni sədrin kəskin mövqe nümayiş etdirməyəcəyini, lakin deflyasiya meyillərinə işarə edərsə, bunun bazarda yumşalma ("göyərçin") siqnalı kimi qəbul ediləcəyini bildirirlər.
"Jefferies" FED-in növbəti addımının faiz indirimi olacağı gözləntisini qoruyur. Bank bu il və 2027-ci ilin əvvəlində bir dərəcə faiz endirimi proqnozlaşdırır.