AMB: Bu ilin I rübündə Azərbaycana pul baratları daxilolmaları 29,4% artıb

10:55 - 16.06.2026


16 iyun, Fineko/abc.az. 2026-cı ilin birinci rübündə Azərbaycana xaricdən daxil olan pul baratlarının ümumi həcmi 296,9 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov cari ilin I rübünün yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bəyan edib. Departament rəhbərinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə xaricdən daxil olan pul vəsaitlərinin həcmi 67,4 milyon dollar və ya 29,4% artıb.

Pul baratlarının ölkələr üzrə coğrafi strukturu:

Rusiya liderliyini qoruyur: Hesabat dövründə ölkəyə göndərilən vəsaitlərin əsas hissəsi Rusiyanın payına düşüb – 110,8 milyon dollar. Şimal qonşumuzun ümumi daxilolmalarda xüsusi çəkisi 37,3% təşkil edib.

İlk beşlikdə qərarlaşan ölkələr: Siyahıda ikinci yerdə 16,8%-lik payla (49,909 milyon dollar) Türkiyə, üçüncü yerdə 8,3%-lik xüsusi çəki ilə (24,6 milyon dollar) İrlandiya və dördüncü yerdə 8,1%-lik payla (23,911 milyon dollar) ABŞ qərarlaşıb. Beşinci yeri isə 10,550 milyon dollarla Böyük Britaniya tutur.

Digər mühüm istiqamətlər: Azərbaycana yönələn pul baratlarının formalaşmasında Gürcüstan (10,323 milyon dollar) və Birləşmiş Ərəb Əmirlikləri də (9,894 milyon dollar) mühüm paya sahib olublar.