Türk Dövlətləri Təşkilatında bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb - Vüsal Qasımlı

10:15 - 9.06.2026


9 iyun, Fineko/abc.az. Türk Dövlətləri Təşkilatında (TDT) bank aktivləri 1,2 trilyon dollara yaxınlaşıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.

Onun sözlərinə görə, hazırda TDT ölkələrinin ümumi daxili məhsulu (ÜDM) 2,1 trilyon ABŞ dollarını ötür ki, bu da dünya iqtisadiyyatının təxminən 3 %-ni təşkil edir:

“Ötən il təşkilata üzv ölkələr üzrə orta iqtisadi artım tempi 6 %-dən yüksək olub. Ən yüksək artım Qırğızıstanda qeydə alınıb və bu göstərici 11 %-i ötüb. Özbəkistanda iqtisadi artım 7 %-dən, Qazaxıstanda isə 5 %-dən çox olub. TDT ölkələrinin bank aktivləri dünya bank aktivlərinin cəmi 0,8 %-ni təşkil edir. Bank aktivlərinin ÜDM-ə nisbətinə baxdıqda görürük ki, Türk Dövlətləri Təşkilatının dünya iqtisadiyyatındakı payı, təşkilat ölkələrinin bank aktivlərinin dünya bank sistemindəki payından təxminən dörd dəfə çoxdur. Bu isə maliyyə-bank sektorunda böyük inkişaf potensialının mövcud olduğunu göstərir”.

O bildirib ki, ötən il TDT ölkələri üzrə ümumi yığımın həcmi 670 milyard ABŞ dollarına çatıb:

“Bu göstərici dünya üzrə ümumi yığımın 2,3 %-nə bərabərdir. Yığım həcmi ilə bank aktivləri arasındakı fərq maliyyə resurslarının bank sektoruna cəlb olunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi üçün əlavə imkanların mövcudluğunu göstərir. Bu baxımdan, Türk Dövlətləri Təşkilatında maliyyə bazarlarının inkişafı və bank sektorunun genişlənməsi üçün əhəmiyyətli potensial formalaşıb”.