ARDNF-nin borc öhdəlikləri altportfelinin gəlirliliyini qoruyub - Hesabat

11:26 - 27.01.2026


27 yanvar, Fineko/abc.az. ARDNF bu gün hesabatında bildirib ki, 2025-ci il ərzində maliyyə bazarlarında formalaşan tendensiyalar ARDNF-nin aktivlərinə ümumilikdə müsbət təsir göstərib.

ABC.AZ xəbər verir ki, ABŞ-də əmək bazarının nisbətən zəifləməsi və tariflərin inflyasiya yaradan təsirinin gözlənildiyi kimi reallaşmaması, Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi və Birləşmiş Krallıqda əmək bazarındakı zəifləmə fonunda mərkəzi bankların faiz dərəcələrini endirməsi istiqraz bazarlarında müsbət qiymətlənməni dəstəkləyib.

Bununla yanaşı, hələ də nisbətən yüksək qalan faiz dərəcələri ARDNF-nin borc öhdəlikləri altportfelinin gəlirliliyini qoruyub.

Səhm investisiyaları şirkətlərin dayanıqlı maliyyə göstəriciləri, texnologiya və süni intellekt sahəsində irəliləyişlər hesabına müsbət nəticə göstərib.

Daşınmaz əmlak və infrastruktur üzrə logistika və yaşayış sektorlarında yüksək tələbat gəlirliliyi təmin etmiş, qızıl qiymətlərinin tarixi maksimumlara yüksəlməsi isə ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli gəlirlər formalaşdırıb.