SOCAR-ın “yaşıl” istiqrazlarının ikinci faiz ödənişi edilib

14:35 - 8.09.2025


8 sentyabr, Fineko/abc.az. 2025-ci il 8 sentyabr tarixində SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə ikinci faiz ödənişi edilib.

Bu barədə ABC.AZ “SOCAR Capital” şirkətinə istinadla xəbər verir.

Bildirilib ki, 2-ci faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.

Cari ilin 7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl” istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 16 milyon ABŞ dolları məbləğində 370-dən çox əqd bağlanıb.

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında təqribən 81 milyon ABŞ dolları məbləğində ticarət aparılıb. Bağlanan əqdlərin sayı 1475-dir (BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 53,5%-ini təşkil edib).

Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 47 milyon 875 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.