"Qazprom": Avropanın qaz anbarlarında doluluq rekor dərəcədə aşağı səviyyəyə düşüb

07:00 - 10.08.2026


10 avqust, Fineko/abc.az. "Qazprom" tərəfindən yayımlanan yazılı açıqlamada "Gas Infrastructure Europe" məlumatlarına istinadən Avropadakı yeraltı qaz anbarlarının mövcud vəziyyəti qiymətləndirilib.

Bəyanatda Avropadakı yeraltı anbarlara qaz vurulması prosesinin tədricən mürəkkəbləşdiyi vurğulanıb. "Qazprom" qeyd edib ki, anbarlarda qazın yetərsiz olması soyuq havaların hökm sürəcəyi dövrdə avropalı istehlakçıların etibarlı təbii qaz təchizatı üçün ciddi risklər yaradır.

Açıqlamada avqustun 6-sı vəziyyətinə görə anbarlardakı qazın həcminin əvvəlki illərin eyni tarixi ilə müqayisədə ən aşağı göstəricidən də aşağı düşdüyü və rekor minimum səviyyəyə gerilədiyi bildirilib.

Məlumat üçün bildirək ki, sanksiyalar və nəql marşrutlarının dəyişməsi səbəbindən "Qazprom"un Avropaya təbii qaz ixracı son illərdə əhəmiyyətli dərəcədə azalıb.